Artur Melo “Fiorentina”ya keçir

“Yuventus”un braziliyalı mərkəz yarımmüdafiəçisi Artur Melo tezliklə A Seriyasının digər təmsilçisi “Fiorentina”ya keçəcək.

Arena.az bu barədə jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “Fiorentina”da icarə əsasında çıxış edəcək.

“Qoca sinyora” bunun müqabilində “bənövşələr”dən 3-4 milyon avro qazanc əldə edəcək. Artur cümə günü, iyulun 21-də Florensiya təmsilçisinin bazasında tibbi müayinədən keçəcək.

2022/2023 mövsümünü Artur Melo “Liverpul”da icarə əsasında keçirib. Yarımmüdafiəçi “qırmızılar”ın heyətində cəmi bir oyuna çıxıb, meydanda 13 dəqiqə keçirib və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Braziliyalı yarımmüdafiəçi fiziki səhhətinin nasaz olması səbəbilə geridə qalmış mövsümü futboldan kənarda keçirib.

Arturun “Yuventus”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Artur Melonu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: