Roi Kehat: “Sumqayıt”ın səviyyəsi çox yaxşıdır”

“Sumqayıt”ın yeni transferi Roi Kehat komandasının Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışını dəyərləndirib.

Arena.az xəbər verir ki, o, bununla bağlı təəssüratlarını klubun mətbuat xidməti ilə bölüşüb:

“Yaxşı komandamız var. Oyunçular olaraq hər birimizin oyun tərzini tanımağa başlayırıq. Mövsümün startında ən yaxşı formada olmaq üçün məşqlərdə çox çalışırıq”.

İsrailli futbolçu “Sumqayıt”a keçidi ilə bağlı fikirlərini də bölüşüb: “Bu klubdan mənə təklif gələndə liqa və ölkə haqqında məlumat axtarmağa başladım. Bir vaxtlar “Sumqayıt”da oynamış dostumdan klub haqqında soruşdum. Həm ondan, həm də hazırda və əvvəllər burada oynamış digər israilli futbolçulardan çox yaxşı şeylər eşitdim.

Komandanın səviyyəsi çox yaxşıdır. Əksər oyunçular ingiliscə danışa bilir, ona görə də ünsiyyət və uyğunlaşmada bir problem yoxdur. Klubdakı hər kəs çox mehriban və qonaqpərvərdir.

Ümid edirəm ki, evdə və səfərdə – hər oyunda azarkeşlərimizin bizi dəstəklədiklərini görəcəyəm. Biz də daim onları sevindirməyə çalışacağıq”.

Xatırladaq ki, Roi Kehat “Sumqayıt”la 2 illik müqavilə imzalayıb. 31 yaşlı futbolçu Təl-Əviv “Makkabi”sinin yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb. Hücumameyilli yarımmüdafiəçi “Hapoel” (Beer Şeva), “Makkabi” (Yavne), “İroni Kiryat Şmona”, “Austriya” (Vyana), “Makkabi” (Hayfa), “Makkabi” (Netanya) klublarında da forma geyinib. Təcrübəli futbolçunun sonuncu komandası 2020-ci ildə yenidən sıralarına döndüyü “İroni Kiryat Şmona” olub. Hansı ki, o, bu komandada 161 oyuna çıxıb, 33 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: