“Əl-Hilal”dan Romelu Lukaku üçün 50 milyonluq yeni təklif

Səudiyyə Ərəbistanının “Əl-Hilal klubu Belçika millisinin və “Çelsi”nin hücumçusu Romelu Lukaku ilə ciddi maraqlanır.

Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.

Lukakunun daha əvvəl rədd cavabı verdiyi Səudiyyə Ərəbistanı klubu, illik 50 milyon avroluq müqavilə təklif edərək belçikalı hücumçu ilə növbəti dəfə əməkdaşlığa cəhd edib.

Ərəblər həmçinin “Çelsi” rəhbərliyinə transfer müqabilində 50 milyon avro təklif ediblər. Lukaku karyerasını hələ də Avropada davam etdirmək istəyir. Amma hücumçu özü özünü dalana dirəyib. Belə ki, “İnter”in Lukakunu heyətinə qatmaq istədiyi bir vaxtda, hücumçunun xeyli müddət “Yuventus”la danışıqlar apardığı ortaya çıxıb. Nəticədə “İnter” rəhbərliyi Lukaku ilə əməkdaşlığa bilmərrə xitam verib. Üstəlik, belçikalı hücumçunun bu davranışı müqabilində “İnter” azarkeşləri ilə münasibəti pozulub. “İnter” azarkeşləri Lukakunu xəyanətdə və nadanlıqda ittiham ediblər. Öz növbəsində Lukaku mövqeyini “İnter”in baş məşqçisi Simone İnzaqinin ona etimad göstərməməsi ilə izah edib. Hadisələrin belə cərəyanı Lukaku ilə ciddi maraqlanan “Yuventus”un transferi həyata keçirə bilməməsindən sonra ortaya çıxıb. Belə ki, “Qoca sinyora” serb hücumçu Duşan Vlahoviçi satmayınca, Romelu Lukaku ilə müqavilə bağlamaq iqtidarında deyil. Arada qalmış Lukaku “İnter” tərəfindən də rədd olununca, “Əl-Hilal” bu fürsətdən yararlanaraq növbəti ulduzu Ərəbistana aparmaq istəyir.

Digər tərəfdən Lukakunun “Çelsi”yə də yolu bağlanıb. “Zadəganlar”ın yeni baş məşqçisi Maurisio Poçettino da belçikalı futbolçunun London klubunda gələcəyini görmür.

Lukaku geridə qalmış 2022/2023 mövsümündə “İnter”də icarə əsasında çıxış edib. Belçikalı hücumçu “neradzurri”nin heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib. Lukaku “neradzurri” ilə İtaliya Kubokunu, İtaliya Super Kubokunu qazanıb, İtaliya çempionatında bürünc, UEFA Çempionlar Liqasında gümüş mükafatçı olub.

Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: