Ötən gün “Neftçi”dən ayrılan Vadar Nuriyev qarşıdakı mövsümdə “Araz-Naxçıvan”ın məşqçilər korpusunda yer alacaq.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, klubla müqavilə imzalayan mütəxəssis baş məşqçi Azər Bağırovun köməkçilərindən biri olacaq. O, artıq komandanın Qəbələdəki düşərgəsindədir.
Xatırladaq ki, “Araz-Naxçıvan”da Vadar Nuriyevdən başqa Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.
“Neftçi” ötən gün klubun seleksiya şöbəsinin üzvü olan Vadar Nuriyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlamışdı. 51 yaşlı mütəxəssis 2018-ci ildə “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi olub. O, 2020-ci ilin iyulundan noyabrına qədər əsas komandada köməkçi məşqçi, 2021-ci ilin fevralından ötən günədək isə klubun seleksiya şöbəsində çalışıb.
Xatırladaq ki, 1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub.


