Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone komandanın hücumçusu Joao Felikslə bağlı hazırkı vəziyyətə dair açıqlama verib.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir:
“Ən əsası odur ki, komandanın içində olan heç birimiz klubun özündən daha vacib deyilik. “Atletiko” ayrıca şəxsiyyətlərdən daha vacibdir”, deyə Simeone vuruğulayıb.
Xatırladaq ki, ötən həftə Joao Feliks mətbuata açıqlamasında “Barselona”da oynamaq istəyindən danışmış, bu arzusunu tezliklə gerçəkləşdirəcəyinə ümid etdiyini dilə gətirmişdi. Bundan sonra “Atletiko” rəhbərliyi 23 yaşlı hücumçunun sözlərindən hiddətlənərək, Feliksə müvafiq səpgidə ismarışlarla çıxış etməyi qadağan etmişdi. Eyni zamanda, “döşəkçilər” Feliksin “Barselona”ya transferinə razılıq veriblər. Amma Feliksin müvafiq çıxışı “Atletiko” azarkeşlərinin də qəzəbinə səbəb olmuşdu. Hücumçunun sözlərindən narazı qalmış azarkeşlər futbolçunun ünvanına əxlaqsız sözlər ünvanlayaraq ona tezliklə “Barsa”ya itilməyi məsləhət görmüş, həmçinin klub stadionun qarşısında Joao Feliksin adına xatirə lövhəsini xarab etmişdilər.
Geridə qalmış 2022/2023 mövsümünün ikinci yarısında Feliks icarə əsasında “Çelsi”də çıxış edib və “zadəganlar”ın heyətində 20 oyuna çıxaraq, 4 qol vurub. Daha sonra “Çelsi” Feliksin xidmətində maraqlı olmadığını açıqlayarq, futbolçunu Madridə qaytarıb.
Feliksin “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Joao Feliksi 50 milyon avro məbləğində qiymətləndirir.


