İtaliyanın “Fiorentina” klubunun mərkəz müdafiəçisi İqor Julio İngiltərə Premyer Liqasında mübarizə aparan “Brayton”a keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
“Brayton” bu transfer üçün “Fiorentina”ya 17 milyon avro ödəyəcək. Braziliyadan olan 25 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
İqor Julio “Fiorentina”ya 2021-ci ilin iyul ayında SPAL-dan 7.65 milyon avro qarşılığında keçmişdi. O, bu komandada 110 oyuna çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb. Julio “Liferinq”, “Austriya” (Vyana), SPAL, “Volfsberger”, “Zalsburq” kimi klubların da formasını geyinib.
“Brayton” hücumameyilli yarımmüdafiəçisi Reda Xadranı isə Fransa təmsilçisi “Reyms”ə satıb. Klub bu satışdan 1.9 milyon avro qazanıb. 22 yaşlı vinger Liqa 1 klubu ilə 4 illik müqaviləyə imza atıb.
Dortmund “Borussiya”sının yetirməsi olan alman futbolçu 2021-ci ildən “Brayton”da olsa da, əsas komandada möhkəmlənə bilməyib. Bu üzdən də o, “Bləkbörn”, “Şeffild Yunaytef”, “Birmingem Siti” kimi klublarda icarədə olub. Xadra Almaniyanın U-18 və U-21 yığmalarında da oynayıb.
“Brayton”un yarımmüdafiəçisi Jeremi Sarmiento isə icarə əsasında “Vest Bromviç”ə keçib. İspaniyada dünyaya göz açan, İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış, 2021-ci ildən isə Ekvadorun əsas millisinin uğurları üçün çalışan 21 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Brayton”da 19 oyuna 2 assist müəllifi olan futbolçu Ekvador yığmasında da 13 oyun keçirib.
Yeri gəlmişkən, “Fiorentina”dan bu yay azad agent kimi ayrılmşış Rikkardo Saponara “Verona” ilə anlaşıb. 31 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.
Saponara 2017-ci ildən formasını geyindiyi Florensiya klubunda 107 oyuna 11 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub. O, “Empoli”, “Sampdoriya”, “Leççe”, “Spetsiya”, “Milan”, “Cenoa”, “Ravenna” kimi klublarda da forma geyinib. 31 yaşlı yarımmüdafiəçi İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.


