Mussa Dembele Stiven Cerrardlı “Əl-İttifaq”ı seçdi

Lion “Olimpik”inin fransalı sabiq hücumçusu, bu yay komandanı azad agent kimi tərk etmiş Mussa Dembele Səudiyyə Ərəbistanına üz tutub.

Arena.az xəbər verir ki, Stiven Cerrardın rəhbərlik etdiyi “Əl-İttifaq” klubu 27 yaşlı futbolçu ilə müqavilə imzalandığını açıqlayıb.

Dembele yeni klubuna azad agent kimi qoşulub. Tərəflər 4 illik – 2027-ci ilin iyunun sonuna qədər sözləşmə imzalayıblar.

Mussa Dembele “Olimpik”ə 2018-ci ildə “Seltik”dən 22 milyon avro qarşılığında keçmişdi. Fransa və Mali vətəndaşlığına malik 26 yaşlı forvard Lion klubunda 172 oyuna çıxıb. O, bu matçlarda 70 qol və 19 assistlə yadda qalıb. Hücumçu daha öncə “Seltik”, “Fulhem” və “Atletiko” (Madrid) kimi klubların da formasını geyinib. Dembele Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Geridə qalmış 2022/2023 mövsümündə Dembele Lion klubunun heyətində 28 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə vedib. Onun bu klubla müqaviləsi cari ilin iyun ayının sonunda başa çatıb və tərəflər əməkdaşlığı yeniləməmək qərarına gəliblər.

“Transfermarkt” internet-portalı 27 yaşlı Mussa Dembeleni 12 milyon avro məbləğində qiymətləndirir.

Lion “Olimpik”i gənc mərkəz müdafiəçisi Abdulaye Ndiaye ilə də yollarını ayırıb. 21 yaşlı futbolçu “Trua”ya transfer olunub. O, yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. “Olimpik” isə bu transferdən 3,5 milyon avro gəlir əldə edib.

Abdulaye Ndiaye “Olimpik”in öz yetirməsi olsa da, klubun əsas komandasında debüt şansı qazanmayıb. O, “Bastiya”da icarədə də olub, Seneqalın gənclərdən ibarət yığmalarında forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: