UEFA İtaliyanın “Yuventus” klubunu 1 il müddətinə bütün avrokubok yarışlarından kənarlaşdırılması ilə bağlı yekun qərarını açıqlayıb.
Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
Beləliklə, “Qoca sinyora” Avropa Konfrans Liqasının 2023/2024 mövsümündə iştirak etməyəcək. Bundan əlavə, “Yuventus” 20 milyon avro məbləğində cərimə ödəyəcək.
Xatırladaq ki, Turin klubunun Avropa yarışlarından kənarlaşdırılması haqda UEFA-nın müvafiq qərarı, qitənin ali futbol qurumunun 2022-ci ilin dekabrında klubun mübahisəli büdcəsi ilə bağlı başlatdığı təhqiqatın nəticəsində qəbul edilib. Turin klubunun maliyyə feyr-pleyi qaydalarını pozduğu, maliyyə fırıldağı ilə məşğul olduğu aşkarlanıb.
Turin komandası ötən mövsüm A Seriyasını 62 xalla 7-ci sırada başa vurmuşdu. Adı çəkilən maliyyə fırıldağında təqsirləndirilmiş “Qoca sinyora”nın hesabından 10 xal silinmişdi. Bununla belə, “byankoneri” 2023/2034 mövsümündə Avropa Konfrans Liqasına vəsiqə qazanmışdı.
Qeyd edək ki, UEFA-nın yekun qərarından sonra turinliləri Avropa Konfrans Liqasında İtaliyanın digər klubu “Fiorentina” təmsil edəcək.


