Türkiyənin “Ankaragücü” klubu heyətini iki yeni futbolçu – sol cinah müdafiəçisi Alper Uludağ və yarımmüdafiəçi Cem Türkmen ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Girəsunspor”dan transfer olunan Alper Uludağla 1 illik müqavilə imzalanıb. Fransanın “Klermon” klubundan gələn Cem Türkmen isə 3 illik sözləşməyə imza atıb.
Alper Uludağ 2022-ci ilin yayından formasını geyindiyi “Girəsunspor”da 31 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb. 32 yaşlı futbolçu karyerası ərzində “Alemanniya”, “Kayserispor”, “Gənclərbirliyi”, “Konyaspor”, “İnqolştadt”, “Adana Dəmirspor”, “Akhisarspor”, “Trabzonspor” kimi klublarda da forma geyinib. O, Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Cem Türkmen Almaniyanın “Bayer” klubunun yetirməsidir. 21 yaşlı futbolçu “Klermon”a 2021-ci ilin yayında azad agent kimi keçsə də, bu komandada forma şansı qazanmayıb. Çünki o, həmin vaxtdan “Austriya” (Lustenau) klubunda icarədə çıxış edirdi. Türkmen vaxtilə Türkiyənin U-17 yığmasında da oynayıb.



