Qurban Qurbanov: “Rakuv”a qol vurmaq üçün daha fəal olmalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Rakuv”a qarşı keçirəcəkləri cavab matçınndan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsi çərçivəsində də baş tutacaq Polşa çempionu ilə ev oyunu öncəsi bunları söyləyib:

“İlk görüşdə 2:3 hesabı ilə məğlub olsaq da, mərhələ adlamağa çalışacağıq. Bizim üçün vacib oyundur. Çox intizamlı komandaya qarşı çıxış edəcəyik. Üstünlük rəqibdə olsa da, geridə qalan günlərdə pis hazırlaşmadıq, “Rakuv”u tam yaxından tanıdıq. Futbolçularımız hansı komandaya qarşı oynadıqlarını hiss etməlidirlər. Sabah meydana yaxş nəticə üçün çıxacağıq. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Buna ehtiyacımız var. Bütün futbolçular görüşə məsuliyyətlə hazırlaşıblar.

Öz oyununu oynamaq istəyirsənsə, ilk növbədə rəqibə istədiyi kimi çıxış etmək imkanı verməməlisən. Biz də buna çalışacağıq. Öz oyunumuzdan, prinsiplərimizdən əl çəkməyəcəyik. Bu günə kimi bütün uğurlar bu prinsiplərə görə əldə olunub. 90 dəqiqə konsentrasiyanı itirməməliyik”.

Baş məşqçi qapıçı Şahruddin Məhəmmədəliyevin sabahkı matçda “çərçivə”də dayanıb-dayanmayacağı ilə bağlı sualı cavablandırarkən bütün oyunçuların meydana çıxmaq imkanının olduğunu bildirib: “Start heyətini sabah müəyyənləşdirəcəyik. Hələ bir gün vaxtımız var. Bütün diqqətimiz matçda və rəqibdə olmalıdır. Oyundan kənara çıxmalı deyilik. Hər bir futbolçu bu görüşdə səhvdən uzaq olmağa çalışmalıdır, eləcə də qapıçılarımız”.

Təcrübəli mütəxəssis Polşa çempionuna rəğbət bəslədiyini etiraf edib: “İlk oyundan sonra “Rakuv”a simpatiyam oyandı. Hər rəqibi ilk oyundan sonra daha yaxından tanıyırsan. Nə düşünürdüksə, “Rakuv”un ifasında onları gördük. Hətta daha yaxşı vəziyyətdə idilər. “Rakuv” ildən-ilə daha keyfiyyətli iş görür və nəticələr əldə edir. Onlar öz sistemlərini çox yaxşı icra edirlər. “Rakuv”a qarşı qışda Antalyada yoxlama görüşü keçirmişdik. Həmin vaxtdan bəri sanki onlarda daha çox inam var. Baş məşqçiləri çox gənc olsa da, öz işində məsuliyyətlidir və qurulan işi çox yaxşı icra edir. Onlar meydanın hər yerində yaxşı müdafiə oluna bilirlər. Qol vurmaq üçün daha fəal olmalıyıq”.

David Şvarqa: “Qarabağ”a Bakıda da qalib gəlməyə çalışacağıq”

“Rakuv”un baş məşqçisi David Şvarqa da cavab oyunu ərəfəsində fikirlərini dilə gətirib. 33 yaşlı mütəxəssis ilk matçda qazanılan 3:2 hesablı üstünlüyü qorumaq istədiklərini söyləyib:

“Eyni gücə malik iki komanda qarşılaşacaq. Hər iki komandanın özünəməxsus oyun üslubu var. Yanvarda “Qarabağ”la yoxlama görüşü keçirdiyimiz üçün onların potensialına daha yaxından bələd olduq. Sabah baş tutacaq görüşə də hazırıq. “Rakuv”un oyununu sərgiləməyə çalışacağıq. Bakıya gəlməkdə məqsəd qələbə qazanmaqdır. İlk görüşdə minimal fərqlə qalib gəldik. Sabahkı qarşılaşmada da qalibiyyət üçün çalışacağıq. Bu cür çətin oyunları artıq keçirmişik və bilirik ki, bizi nə gözləyir. Təzyiqə də hazırıq”.

Baş məşqçi penaltilər seriyasına da hazır olduqlarını sözlərinə əlavə edib: “Çempionlar Liqasının bütün mərhələlərində olduğu kimi, sabahkı matçda da penaltilərə hazırıq. Bu matça kompleks şəkildə hazırlaşırıq. Penalti seriyası zamanı isə qapıçının çıxışından çox şey asılı olacaq”.

Gənc mütəxəssis “Qarabağ”ın ötən mövsüm Polşanın digər təmsilçisi “Lex” üzərində 5:1 hesablı qələbəsinin onlara mənfi təsir göstərmədiyini deyib: “Qarabağ”ın Çempionlar Liqasındakı digər oyunlarını, eləcə də, ötən mövsümdəki matçlarını təhlil etmişik. O ki qaldı “Lex”lə oyuna, bu komanda ilə “Rakuv” tam fərqli gücə və oyun üslubuna malikdirlər. “Qarabağ”ın ötən mövsüm “Lex”i burada böyük hesabla məğlub etməsinin bizə heç bir təsiri olmayacaq”.

“Rakuv”un kapitanı Zoran Arseniç də cavab matçından öncə fikirlərini bölüşüb. 29 yaşlı yarımmüdafiəçi cavab matçında diqqətli oynamağın onlar üçün çox vacib olduğunu söyləyib: “Bu mərhələyə gəlib çıxdığımıza görə şadıq. Çempionlar Liqasında mübarizə aparmaq qürurvericidir. Sabahkı görüşə də ciddi hazırlaşmışıq. “Qarabağ” kifayət qədər güclü komandadır. Bakıda daha diqqətli olmalıyıq. “Qarabağ”ın tempinə uyğun çıxış etməliyik”.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda baş tutacaq cavab oyununa saat 20:00-da start veriləcək. Polşada keçirilmiş ilk görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: