Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qarşıdakı Avropa çempionatına hazırlığı paytaxt Bakıda davam etdirir.
Arena.az xəbər verir ki, Ataman Güneyligilin çalışdırdığı komandamız təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları da keçirir.
Millimiz bu gün Bakıda hazırlıq keçən Belarus yığması ilə ilk yoxlama oyununa çıxıb. Komandamız bu oyunda 3:0 hesabı ilə qələbə qazanıb. Görüşdən sonra keçirilən əlavə set də voleybolçularımızın üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında daha iki yoxlama oyunu keçiriləcək.
Xatırladaq ki, Azərbaycan millisi bir müddət əvvəl Bosniya və Herseqovinada da bir həftəlik təlim-məşq toplanışında olmuş və bu ölkənin yığması ilə üç yoxlama oyunu keçirmişdi. İlk oyunda 2:2 hesabı qeydə alınmış, digər iki qarşılaşmada isə millimiz 3:1 hesabı ilə qələbə qazanmışdı.


