Sadio Mane “Bayern”i “Əl-Nəsr”ə dəyişdi – 30 milyonluq keçid

Almaniya çempionu “Bayern”in seneqallı hücumçusu Sadio Mane Münhen təmsilçisindən ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.

Arena.az az bu barədə sözügedən klubların mətbuat xidmətinə istinadən məlumat verir.

Ərəblər bu transfer üçün Almaniya klubuna 30 milyon avro ödəyiblər. Mane isə yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. O, portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldonun da heyətində yer aldığı bu komandada 10 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Sadio Mane “Bayern”ə ötən yay 32 milyon avro müqabilində “Liverpul”dan keçmişdi. Münhenlilər hücumçuya böyük ümidlər bəsləyirdilər. Amma mövsümün sonunda “Bayern” rəhbərliyi və məşqçilər qərargahı seneqallı hücumçu ilə yollanı ayırmaq qərarını vermişdi. Onlar bu qərarı futbolçunun etimadı doğrultmaması ilə əsaslandırmışdılar.

Geridə qalmış 2022/2023 mövsümündə Sadio Mane “Bayern”in heyətində 38 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib. Təcrübəli oyunçu bu klubla Almaniya çempionu olub.

31 yaşlı Mane “Bayern”dən öncə “Liverpul”, “Sauthempton”, “Mets” və “Zalsburq” kimi klubların da formasını geyinib. O, Seneqal yığmasında da 97 matç keçirib, 37 qola imza atıb.

Sonda onu da bildirək ki, “Əl-Nəsr”də Kristiano Ronaldodan başqa Anderson Talişka, Marselo Brozoviç, Aleks Telles, Seko Fofana kimi ulduz oyunçular da çıxış edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: