Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha səkkiz qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ” Polşada 2:3 hesabı ilə uduzduğu “Rakuv”la bu dəfə Bakı Olimpiya Stadionunda üz-üzə gəlib. Cavab görüşü heç-heçə bitdiyindən növbəti mərhələyə “Rakuv” vəsiqə qazanıb. “Qarabağ” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Qazaxıstanda “Astana”nın qonağı olub. Zaqreblilər ilk matçda rəqibini darmadağın etmişdilər – 4:0. Cavab görüşündə də xorvatlar 2:0 qalib gələrək mərhələ adlayıblar. Start heyətdə meydana çıxıb, 78-ci dəqiqədə əvəzlənən Mahir bu görüşdə komandasının ilk qolunu vurub. Baxmayaraq ki, UEFA rəsmi saytında 24-cü dəqiqədə vurulmuş bu qolu rəqib müdafiəçinin avtoqolu kimi göstərib.
Türkiyə çempionu “Qalatasaray” isə ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Litva “Jalgiris”ini bu dəfə doğma meydanda sınağa çəkib. İstanbul nəhəngi evdə çətinliklə qalib gələ və növbəti mərhələyə vəsiqə qazana bilib.
Bu komandalardan əlavə, “Servett”, “Klaksvik”, “Makkabi” (Hayfa), “Molde” və “Kopenhagen” də növbəti mərhələyə yüksəliblər. Uduzan bütün komandalar isə “Qarabağ” kimi mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcəklər.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyun günündə keçirilmiş 4 cavab matçından sonra Yunanıstanın “Panatinaikos”, Sloveniyanın “Olimpiya” (Lyublyana), Kiprin “Aris” və Slovakiyanın “Slovan” (Bratislava) komandaları da 3-cü raunda yüksəlmişdilər.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
1 avqust
“Panatinaikos” (Yunanıstan) – “Dnepr-1” (Ukrayna) 2:2 (ilk oyun 3:1)
BATE (Belarus) – “Aris” (Kipr) 3:5 (2:6)
“Olimpiya” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) 2:1 (1:1)
“Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) 2:2 (1:0)
2 avqust
“Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2 (0:4)
“Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) 1:1 (2:3)
“Genk” (Belçika) – “Servett” (İsveçrə) 2:2, penaltilər 1:4 (1:1)
“Haken” (İsveç) – “Klaksvik” (Farer adaları) 3:3, penaltilər 3:4 (0:0)
“Makkabi” (Hayfa, İsrail) – “Şerif” (Moldova) 4:1 (0:1)
“Molde” (Norveç) – HJK (Finlandiya) 2:0 (0:1)
“Kopenhagen” (Danimarka) – “Breydablik” (İslandiya) 6:3 (2:0)
“Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva) 1:0 (2:2)


