Bu yay İngiltərənin “Tottenhem” klubundan azad agent kimi ayrılan braziliyalı sağ cinah vingeri Lukas Moura “San Paulo”ya keçib.
Arena.az bu barədə Braziliya klubunun rəsmi saytına istinadən məlumat verir.
30 yaşlı futbolçu yeni klubu ilə 2023-cü ilin 31 dekabrına qədər müqavilə imzalayıb. Lukas Mouraya qədər “San Paulo” cari transfer pəncərəsində kolumbiyalı hücumameyilli yarımmüdafiəçi Xames Rodriqesi də heyətinə qatmışdı.
Lukas Moura “San Paulo”nun yetirməsidir. Braziliyalı vinger Braziliyadan PSJ-yə yollanıb, oradan isə 2018-ci ilin yanvarında “Tottenhem”ə keçib. Lukas Moura “mahmızlar”ın heyətində ilk qolunu İngiltərə Kuboku çərçivəsində “Roçdeyl”ə qarşı oyunda vurub. Ümumilikdə “mahmızlar”ın heyətində Lukas Moura 221 oyuna çıxıb, 39 qol vurub, 27 məhsuldar ötürmə verib. O, Braziliya yığmasında da 35 oyun keçirib, 4 qola imza atıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı Lukas Mouranı 6 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, “Tottenhem” heyətinə yeni müdafiəçi cəlb edib. Premyer Liqa təmsilçisi Çempionşipdə mübarizə aparan “Bləkbörn”dən mərkəz müdafiəçisi Eşli Fillipsi transfer edib. Londonlular bu keçidə görə 2,3 milyon avro xərcə düşüblər. 18 yaşlı ingilis futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Eşli Fillips “Bləkbörn”ün öz yetirməsidir. O, bu klubun əsas komandaısnda cəmi 14 matça çıxıb.
Eşli Fillips vaxtilə Uelsin U-16 yığmasında oynasa da, sonradan fikrini dəyişib və İngiltərənin U-17 və U-18 yığmalarından gələn dəvəti qəbul edib. O, hazırda İngiltərənin U-19 yığmasına dəvət alır.



