Fransa çempionu PSJ-nin braziliyalı superulduz hücumçusu Neymar ən qısa zamanda “Barselona”nın futbolçusu olacaq.
Arena.az bu barədə hər iki klubun rəhbərliyi ilə yaxından tanış olan şeyx Mabhut Əl-Mərriyə istinadən məlumat verir.
Braziliyalı ulduz özünün sosial şəbəkə hesablarından PSJ-nin futbolçusu olmasını xatırladan məqamları silib.
Daha əvvəl, PSJ-nin Neymarı icarəyə götürmək üçün “Barselona”ya təklif ünvanladığı açıqlanmışdı. Bunun tezliklə gerçəkləşəcək fransalı hücumçu Usman Dembelenin “Barselona”dan transferinin bir hissəsi olduğu haqda məlumat yayılmışdı.
Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Braziliyalı hücumçu bu komandada 186 oyuna 105 qol vurub, 76 məhsuldar ötürmə müəllifi olub. Onun vaxtilə “Barselona”dan Fransa nəhənginin heyətinə keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır. O zaman parislilər braziliyalı ulduzu heyətinə qatmaq üçün 222 milyon avro məbləğində xərc çəkmişdilər.
Geridə qalmış 2022/2023 mövsümündə Neymar mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, parislilərin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib. Braziliyalı ulduz PSJ ilə Fransa çempionluğunu qazanıb. O, Paris təmsilçisində bütövlükdə 173 oyun keçirib ki, bu oyunlarda 118 qola imza atıb, 77 məhsuldar ötürmə müəllifi olub.
Neymarın Paris klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.
Braziliyalı ulduz vaxtilə ölkəsində “Santos”un da uğurları üçün çalışıb. O, yetirməsi olduğu bu klubda 138 oyuna 71 qol vurub, 37 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.


