Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, onun komandası Albaniyanın digər təmsilçisi “Biliş”lə üz-üzə gəlib.
Dörd qolun qeydə alındığı matç “Eqnatiya”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal bu oyunda meydana start heyətində çıxıb. Komandasının qollarından birinin müəllifi azərbaycanlı futbolçu olub.
Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. Onun komandası Albaniya Super Liqasında yeni mövsümə avqustun 19-da “Skenderbeu”ya qarşı keçirəcəyi ev oyunu ilə start verəcək. Azərbaycanlı futbolçu yeni komandasındakı rəsmi debütünü Avropa Konfrans Liqasında edib. Lakin “Eqnatiya” artıq bu turnirdə mübarizəni dayandırıb.
Sonda onu da bildirək ki, “Eqnatiya” yeni mövsüm öncəsi sonuncu sınaq matçını İtaliya nəhəngi “İnter”ə qarşı keçirəcək. Albaniya klubunun yaydığı məlumata görə, Milan təmsilçisi ilə görüş avqustun 13-də İtaliyada baş tutacaq.


