Azər Məmmədov: “Neftçi”yə qalib gəlsək də, böyük iş görməmişik”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 1-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, doğma meydanda baş tutan və 1:0 hesablı qələbəyə sevindikləri matçdan sonrakı mətbuat konfransında bunları sölyəyib:

“Premyer Liqada baş məşqçi kimi debüt oyunum idi. “Neftçi” kimi komanda ilə qarşılaşırdıq. “Kəpəz” tarixi köklərinə görə “Neftçi”dən heç geri qalmır. Bu oyun həm də tarixi derbi çərçivəsində ilk sınağım idi. Qələbə qazandığımız üçün təbii ki, sevincliyik. Amma daha çox işləməliyik. Bundan sonra 35 oyun var. Çempionat uzun marafondur. Ağrılı, sevincli günlərimiz olacaq. Bu gün “Neftçi”ni udsaq da, böyük bir iş görməmişik. Dayanmamalıyıq. Komandamızda çatışmazlıqlar var. Klub rəhbərliyi əlindən gələni edir. Bir neçə transfer etməyi düşünürük. Bu transferləri reallaşdırdıqdan sonra daha yaxşı “Kəpəz” görə biləcəyik. Hamı bizi autsayder hesab edir. Bu oyundan sonra bizi də sayacaqlar. Rəqiblər “Kəpəz”ə həmişə ciddi yanaşıblar. Bu gündən sonra isə daha ciddi hesab edəcəklər. “Neftçi” üç gün əvvəl ağır oyun oynamışdı. Fürsətdən istifadə edib onları məğlub edə bildik. Bundan sonra bizim üçün ağır olacaq”.

Azər Məmmədov daha üç transfer etmək istədiklərini, amma danışıq apardıqları legionerlərin Gəncədə oynamaqda maraqlı olmadıqlarını söyləyib:

“Çox futolçu ilə danışırıq. Amma Gəncə böyük şəhər olsa da, bura region kimi baxırlar. Çoxu Bakını istəyir. Maliyyə gücümüz də o qədər böyük deyil. Bakıya 5-ə gəlirlərsə, bizdən daha artığını istəyirlər. Bəzilərinin ailəsi bura gəlməyə razılaşmır. Amma çalışırıq ki, yaxın zamanda ən azı üç transfer edək. Hələ ki, heç kimlə razılaşmamışıq”.

Mutu: “Bu gün nə məğlubiyyətə, nə də qələbəyə layiq idik”

“Neftçi”nin rumın baş məşqçisi Adrian Mutu isə komandasının məğlubiyyətini belə şərh edib:

“Komanda yorğun idi. Hələ ki, üç gündən bir oynamağa tam hazır deyilik. İlk hissədə yaratdığımız epizodları qola çevirə bilmədik. Böyük səhv etdik və bu, penalti ilə nəticələndi. Rəqib də bizi cəzalandırdı. Xüsusən də bu cür isti havada oynamaq asan deyildi. Çempionatın çətin olacağı gözləniləndir”.

Mutu Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Türkiyə nəhəngi “Beşiktaş”a qarşı keçirəcəkləri oyundan da söz açıb:

“Beşiktaş”la matçda da ağlımızdan yalnız qələbə keçir. Gəncəyə qalibiyyət üçün gəlmişdik. Məğlubiyyətə də, qələbəyə də layiq deyildik. Heç-heçə ədalətli nəticə olardı. Amma istənilən halda, “Kəpəz”i qələbə münasibəti ilə təbrik edirəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: