“Kəpəz” futbol üzrə Azərbaycan Premyer Liqasında 600-cü ev qoluna imza atıb. Arena.az xəbər verir ki, bu, 2023/24 mövsümünün ilk turuna təsadüf edib.
Gəncədə “Neftçi”ni qəbul edən qərblilərin yubiley qoluna Mate Kvirkviya imza atıb. Gürcü futbolçu penaltidən fərqlənməklə tarixə düşüb.
Bununla da “sarı-göylər” ölkə çempionatları tarixinə öz meydanında 600 və daha çox qol vuran 3-cü komanda kimi düşüb. Yalnız “Qarabağ” və “Neftçi” Gəncə təmsilçisindən daha çox fərqlənib.
“Qərblilər” həm evdə, həm də ümumiyyətlə ölkə çempionatlarında ilk qoluna 1992-ci il mayın 3-də imza atıb. “Turan”la qarşılaşmada (2:1) Cavid Əhmədov tarixi qolun müəllifi olub.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının ötən gün baş tutan 1-ci turunun görüşündə “Kəpəz” “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.


