“Əl-Nəsr”in hücumçusu Sadio Manenin müşaviri Bakari Sisse seneqallı futbolçu ilə “Bayern”in vingeri Leroy Sane arasındakı münaqişədən danışıb.
Arena.az “RMC Sport”a istinadən Sissenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Avropa futbolu ilə tanış olan hər kəs bilir ki, Leroy Sane çox təkəbbürlü oğlandır. Halbuki Sadio Mane oynadığı yerdə heç vaxt problemlər yaratmayıb. Leroy əndazəni keçdi. Hadisədən 30 dəqiqə sonra Sane Sadioya üzrxahlıq ismarışı göndərib. O, qələt etdiyini başa düşdü.
Ona görə də sizə deyirəm ki, bu, “Bayern” tərəfindən nankorluqdur. Bu sərsəmlikdən də artıqdır. Leroy Sane sözlərini təkzib etməyə başladı, “Bayern” isə Sadionu bir oyunluq cəzalandırdı. Əgər Sadio Manenin dərisinin rəngi Leroy Saneni narahat edirdisə, deməli, o, “Bayern” rəhbərliyini də narahat edib”, deyə Sisse bildirib.
Xatırladaq ki, Sadio Mane Çempionlar Liqasının 1/4 final mərhələsində “Bayen”in “Mançester Siti” ilə qarşılaşdığı ilk oyundan (0:3) sonra Leroy Sanenin sifətinə zərbə endirmişdi.
Bir qədər əvvəl Bakari Sisse Sadio Manenin “Bayern”dən ayrılma səbəbinə aydınlıq gətirmiş və bunun futbolla əlaqəsi olmadığını bəyan etmişdi. O, Münhen klubunun afrikalı futbolçunun əməkhaqqından qıcıqlanaraq qərar veridiyini bildirmişdi.


