Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın növbəti mərhələsi üçün Sloveniyaya yola düşüb.
Arena.az xəbər verir ki, komandamızı hava limanında federasiya rəsmiləri və əməkdaşları yola salıblar.
Ataman Güneyligilin rəhbərlik etdiyi kollektiv bir həftə Sloveniyada hazırlıq keçəcək. Bu müddətdə bir neçə yoxlama görüşünün təşkili planlaşdırılır. Voleybolçular avqustun 15-də qrup mərhələsinin matçlarının keçiriləcəyi Almaniyanın Düsseldorf şəhərinə gedəcəklər.
Xatırladaq ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi sentyabrın 3-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisi ev sahibi Almaniya ilə yanaşı, Türkiyə, Çexiya, İsveç və Yunanıstanla üz-üzə gələcək.


