19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunmuş MDB Oyunlarında ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, İlqar Aslanovun çalışdırdığı yığmamız ilk sınağında Belarusdan olan həmyaşıdları ilə qarşılaşıb.
Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 7:1. Azərbaycan yığmasının heyətində yeganə qolu Qüdrət Qasımzadə vurub.
Millimiz növbəti oyununu sabah Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.
Belarusla oyunda millinin heyətində bu futzalçılar yer alıblar: 1. Əli Quliyev, 10 Fərid Abbasov (k), 5. İlham Əliyev, 3. Qüdrət Qasımzadə, 7. Şahbaz Həmdəmli, 12. Sadiq Əlizadə, 14. Kərim Babayev, 2. Rüfət Məmmədli, 12. Sunay Həsənov, 11. Orxan Babayev, 9. Nüsrət Fərzəli, 6. Ayxan Məmmədli, 8. Bəyoğlan Vəlizadə, 4. Elşən Mahmudov.
Qarşılaşmadan sonra baş məşqçi İlqar Aslanov məğlubiyyətlə bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına bunları söyləyib:
“Meydan sahiblərinə qarşı oynamaq hər zaman çətin olur. Üstəlik, rəqibimiz də güclü komanda idi. Heyətimizdə yer alan futzalçıların bir neçəsi ilk dəfə bu cür yarışda iştirak etdiklərinə görə, həyəcanlı idilər. Qapıçılarımız da ümidləri doğrultmadılar, zəif çıxış etdilər. Bir qədər inamlı oynasaydılar, hesabdakı fərq böyük olmazdı. Futzalçılar bu cür yarışlarda “bişirlər”. Təcrübə toplamaq baxımından turnir komandamızın üzvləri üçün faydalı olacaq”.
Qeyd edək ki, komandamız turnir çərçivəsində avqustun 9-da isə Özbəkistanla da qarşılaşacaq. Son matç isə avqustun 11-də keçiriləcək və rəqib Rusiya futzalçıları olacaq.



