“Bayern” Sadio Mane ilə bağlı ittihamları cavabladı

“Bayern” sabiq hücumçusu Sadio Manenin müşaviri Bakari Sissenin Münhen klubunu irqçilikdə ittiham etdiyi açıqlamasına münasibət bildirib.

Arena.az bu barədə jurnalist Maksimilian Koxun “Bayern”in mətbuat xidmətinə istinadı əsasında məlumat verir.

“Biz müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdik. İrqçiliklə bağlı ittihamlar əsassızdır, çünki biz Maneni həm futbolçu, həm də insan kimi bəyənirdik. Amma çox təəssüf ki, biz planlaşdırılan məqsədlərə birlikdə nail ola bilmədik. Futbolda belə olur. Biz Sadioya yeni klubda ən yaxşısını, bütün uğurları arzulayırıq” – “Bayern”in bəyanatında deyilir.

Sadio Mane “Bayern”ə ötən yay 32 milyon avro qarşılığında “Liverpul”dan keçmişdi.

Geridə qalmış 2022/2023 mövsümündə Mane “Bayern”in heyətində 38 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib və münhenlilərlə Bundesliqanı qazanıb. Mane sabiq həmklubu Leroy Sane ilə münaqişə yaşamış və onun sifətinə zərbə endirmişdi. Manenin müşavirinin sözlərinə görə, bu münqaşidə Sane günahkar olub və Maneyə üzrxahlıq dolu ismarışlar göndərib, amma sonradan Sane sözlərini təkzib edib. Bu məsələdə “Bayern” Sadio Maneni cəzalandırmışdı.

Mövsümün bitməsi ilə “Bayern” Mane ilə yollarının ayrıldığını bəyan edib.

Avqustun 1-də Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu hücumçu ilə müqavilə imzaladığını açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: