Azərbaycan millisi Qırğızıstana da uduzdu

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçirilən MDB Oyunlarında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, İlqar Aslanovun çalışdırdığı yığmamız ikinci sınağında Qırğızıstandan olan həmyaşıdları ilə qarşılaşıb.

Qarşılaşmaya komandamız daha yaxşı başlayıb. Hesabı açan futzalçılarımız fasiləyə qədər daha bir qol vursa da, üstünlüyünü qoruya bilməyib. Tərəflər paltardəyişmə otağına 2:2 hesablı heç-heçə ilə yollanıblar. U-19-un qollarını Rüfət Məmmədli və Fərid Abbasov vurub. İkinci hissədə rəqib daha üstün olub və 3 cavabsız qol vurub. Yekunda matç qırğız futzalçıların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qırğızıstanla oyunda millinin heyətində bu futzalçılar yer alıb: 12. Sadiq Əlizadə, 10 Fərid Abbasov (k), 5. İlham Əliyev, 3. Qüdrət Qasımzadə, 7. Şahbaz Həmdəmli, 1. Əli Quliyev, 14. Kərim Babayev, 2. Rüfət Məmmədli, 12. Sunay Həsənov, 11. Orxan Babayev, 9. Nüsrət Fərzəli, 6. Ayxan Məmmədli, 8. Bəyoğlan Vəlizadə, 4. Elşən Mahmudov.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Belarusa da 1:7 hesabıyla uduzmuşdu. Komandamız növbəti oyununu avqustun 9-da Özbəkistan futzalçılarına qarşı keçirəcək. Son matç isə avqustun 11-də keçiriləcək və rəqib Rusiya futzalçıları olacaq.

U-19-un baş məşqçisi İlqar Aslanov matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:

“Yüksək Liqada mövsüm başa çatdıqdan sonra, demək olar, oyun keçirməmişdik. Bu, hər iki oyunda hiss olundu. Rəqibimiz isə əksinə, turnirə yaxşı hazırlaşıb. Heç-heçə etmək, hətta qələbə qazanmaq imkanımız da var idi. Hesabı biz açdıq, fasiləyə qədər daha bir qol vurduq. Ancaq oyun təcrübəsinin azlığı, bəzi futzalçıların ilk dəfə belə yarışa qatılması sözünü dedi. Üstəlik, ardıcıl iki gün meydana çıxmaq da çətinlik yaratdı”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: