İngiltərənin U-21 yığmasının və “Sauthempton”un müdafiəçisi Tino Livramento bundan sonra “Nyukasl”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Nyukasl” bu transfer üçün “Sauthempton”a 37,2 milyon avro ödəyib.
Tino Livramento “Çelsi”nin yetirməsidir. O, 2021-ci ilin avqust ayında 5,9 milyon avro qarşılığında “Sauthempton”a keçmişdi. O, bu komandada 34 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Sağ cinah müdafiəçisi İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. O, 2021-ci ildən U-21-də forma geyinir.
“Nyukasl” öz müdafiəçisi Harrison Eşbi və hücumçusu Qaranq Kuolu da icarəyə verib. Eşbi “Suonsi Siti”yə, Kuol isə “Volendam”a keçib. Onlar qarşıdakı mövsümün sonuna kimi icarədə olacaqlar.
“Vest Hem”in yetirməsi olan Harrison Eşbi “Nyukasl”a bu ilin yanvarında 3,4 milyon avro qarşılığında keçmişdi. 21 yaşlı ingilis futbolçu hələ bu klubun əsas komandasında debüt şansı qazanmayıb.
Qaranq Kuol da “Nyukasl”a bu ilin yanvarında cəlb olunub. Avstraliya yığmasının da üzvü olan 18 yaşlı forvard ötən mövsümün ikinci dövrəsini Şotlandiyanın “Harts” klubunda icarədə keçirib. O, Avstraliya yığmasında 5 oyun keçirib, 1 qol vurub.
“Nyukasl”ın qapıçısı Maks Tompson da icarə əsasında “Northempton”a keçib. 19 yaşlı qolkiperin bu ilin sonuna kimi icarədə olacağı açıqlanıb. İngilis qapıçı da hələ “Nyukasl”ın əsas komandasında debüt şansı qazanmayıb.


