Futbol üzrə ABŞ yığmasının və London “Arsenal”ının qapıçısı Matt Törner Premyer Liqanın digər təmsilçisi “Nottingem Forest”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə 29 yaşlı qolkiperin yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər 4 illik müqaviləyə imza atıblar. “Nottingem Forest” bu keçidə görə “Arsenal”a 8,15 milyon avro ödəyib.
Mett Törner “Arsenal”a ötən ilin yayında MLS təmsilçisi “Nyu İnqlənd Revolyuşn” klubundan 5,9 milyon avro qarşılığında keçmişdi. O, İngiltərə nəhəngində cəmi 7 oyuna çıxıb, 4 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlamağı bacarıb. “Riçmond Kikkers”də də forma geyinmiş qolkiper kapitanı olduğu ABŞ yığmasında da 32 oyun keçirib.
“Arsenal” iki gənc futbolçusu – yarımmüdafiəçi Çarli Patino ilə hücumçusu Mika Biereti də icarəyə göndərib. Patino “Suonsi Siti”yə, Bieret isə “Motervel”ə keçib. Onlar qarşıdakı mövsümün sonuna kimi icarədə olacaqlar. 19 yaşlı Patino ötən mövsüm “Bləkpul”da, Bieret də “Valveyk”də icarədə olub. İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Çarli “topçular”ın əsas komandasında 2 oyuna 1 qol vurub. Danimarkanın U-21 yığmasına dəvət alan Mika isə “Arsenal”ın əsas komandasında debüt şansı qazanmayıb.
“Nottingem Forest”də 6 ayrılıq
Mett Törneri transfer edən “Nottingem Forest” də bir neçə futbolçusu ilə vidalaşıb. Premyer Liqa təmsilçisi hücumçusu Sem Serici 5,8 milyon avroya MLS təmsilçisi “Neşvil”ə satıb. 25 yaşlı ingilis forvard yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb. O, 2022-ci ilin yanvarında 1,85 milyon avro qarşılığında üz tutduğu “Nottingem Forest”də 50 oyuna 11 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Brayan Oxeda da ABŞ klubu “Real Solt Leyk”ə keçib. 23 yaşlı paraqvaylı ilə 2+1 illik müqavilə imzalanıb. Amma MLS təmsilçisinin bu keçidə görə ödədiyi məbləğ açıqlanmır. Paravay millisinin üzvü 2021-ci ilin avqustunda 2,3 milyon avro qarşılığında keçdiyi “Nottingem Forest”də cəmi 3 matça çıxıb.
28 yaşlı yarımmüdafiəçi Riçi Lareya da “Nottingem Forest”i MLS təmsilçisi “Vankuver”ə dəyişib. Amma o, bu komandaya icarə əsasında keçib. İcarə müddəti bu ilin sonuna – 31 dekabra kimidir. “Nottingem Forest”ə ötən ilin yanvarında keçən kanadalı yarımmüdafiəçi bu komandada cəmi 5 matça çıxıb. O, Kanada millisində 44 oyuna çıxıb, 2 qola imza atıb.
Sağ cinah vingeri Coş Bouler də “Kardiff Siti”yə keçib. 24 yaşlı ingilis qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. O, 2022-ci ildən “Nottingem Forest”də olsa da, bu komandada rəsmi matça çıxmayıb. Çünki o, bu vaxta qədər “Olimpiakos” və “Bləkpul”da da icarədə olub.
32 yaşlı mərkəz müdafiəçisi Stiv Kuk və 33 yaşlı dayaq yarımmüdafiəçisi Cek Kolbək isə KPR-ə keçiblər. Onların hər ikisi 2 illik müqaviləyə imza atıblar. Kuk “Nottingem Forest”də 34 oyun keçirib. Kolbək isə bu komandada 134 matça çıxıb, 8 qol və 3 assistlə yadda qalıb.


