Kastello Lukeba 30 milyon avroya “Olimpik”i “Leypsiq”ə dəyişdi

Fransanın U-21 yığmasının və Lion “Olimpik”inin mərkəz müdafiəçisi Kastello Lukeba Almaniyanın “Leypsiq” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Almaniya klubu bu transfer üçün qarşı tərəfə 30 milyon avro ödəyib. Lukeba “Leypsiq”lə 5 illik müqaviləyə imza atıb.

Kastello Lukeba məhz “Olimpik”in yetirməsidir. 20 yaşlı futbolçu bu klubun əsas komandasında 68 oyuna çıxıb, 4 qol a vurub. Müdafiəçi ötən ilin martından Fransanın U-21 yığmasında da forma geyinir.

Lion “Olimpik”i yarımmüdafiəçisi Kamilo Reycers de Oliveyranı da Rusiyanın “Axmat” klubuna satıb. 24 yaşlı braziliyalı futbolçunun satışı Liqa 1 təmsilçisinə cəmi 800 min avro qazandırıb.

“Olimpik” Kamilonu 2020-ci ilin yanvarında yetirməsi olduğu “Ponte Preta”dan transfer etmişdi. O, Lion klubunun əsas komandasında debüt şansı qazanmayıb. Bunda yarımmüdafiəçinin o dövrdən “Kuyaba”da icarədə olması da böyük rol oynayıb.

Lion klubu fransız yarımmüdafiəçisi Floran Sançes da Silvanı da Belçikanın “Molenbek” klubuna icarəyə verib. 20 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. O, öz komandasında cəmi 1 matça çıxıb.

“Olimpik” heyətinə yeni futbolçular da cəlb edib. Lion təmsilçisi bu yay “Arsenal”dan azad agent kimi ayrılmış Enzli Meytlend-Nayls və “Sauthempton”un müdafiəçisi Due Çaleta-Çar ilə güclənib. Meytlend-Nayls ilə azad agent kimi 4 illik müqavilə imzalanıb. Çaleta-Çar isə satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb.

Enzli Meytlend-Nayls “Arsenal”ın öz yetirməsidir. O, “topçular”ın əsas komandasında 132 oyuna 3 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Geridə qalan mövsümü “Sauthempton”da icarədə keçirmiş futbolçu, əvvəllər “İspviç Taun”, “Vest Bromviç” və “Roma”da da icarədə oynayıb. O, İngiltərə yığmasında da 5 oyun keçirib.

Due Çaleta-Çar isə 2022-ci ilin sentyabrından “Sauthempton”da çıxış edirdi. Xorvatiya yığmasının üzvü “Şibenik”in yetirməsidir. Nərkəz müdafiəçisi, Avstriyanın “Yuniors”, “Zalsburq” və “Liferinq” klublarının da formasını geyinib. O, 2018-ci ildən ötən ilin yayına kimi Marsel “Olimpik”ində çıxış edib. 26 yaşlı futbolçu Xorvatiya millisində 23 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: