Futbol üzrə Almaniya yığmasının da üzvü olan yarımmüdafiəçi Robin Qosens “İnter”dən ayrılaraq “Union Berlin”ə keçib.
Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi 29 yaşlı futbolçunu 13 milyon avro qarşılığında heyətinə qatıb.
Almaniya klubu yeni transferi ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb. Təcrübəli oyunçu yeni komandasında 6 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Robin Qosens “İnter”ə ötən ilin yayında “Atalanta”dan 27,4 milyon avro qarşılığında keçmişdi. Buna qədər Milan klubunda icarədə də olmuş futbolçu “İnter” forması ilə meydana çıxdığı 58 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Qosens daha öncə “Atalanta”dan başqa “Herakles Almelo”, “Dordrext” kimi klubların da formasını geyinib. O, Almaniya millisində də 16 matça çıxıb, 2 qolla yadda qalıb.


