“Qarabağ” ötən gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində Azərbaycana UEFA reytinqində növbəti dəfə xal qazandırıb.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində qarşılaşdığı Finlandiyanın HJK komandasını səfərdə də 2:1 hesabıyla məğlub edib.
Evdə də oxşar nəticəyə imza atmış Azərbaycan çempionu növbəti mərhələyə – pley-offa yüksəlib. Ağdam təmsilçisi bu qələbə nəticəsində həm də ölkə reytinqinə növbəti 0,250 xalı yazdırıb.
Avropa Konfrans Liqasındakı təmsilçilərimiz “Sabah” və “Neftçi” isə avrokubok matçlarını məğlubiyyətlə başa vurduqları üçün reytinqə heç bir töhfə verə bilməyiblər. “Qəbələ”nin ardından bu iki klubumuz da avrokuboklarda mübarizəni dayandırıblar. Bu isə o deməkdir ki, bundan sonra Azərbaycanın reytinqdəki yeganə ümid yeri “Qarabağ” olacaq.
Hazırda Azərbaycanın cari mövsümdəki qazancı 2,250 baldır. Avrokuboklardakı təmsilçilərimizdən “Qarabağ” reytinqə 1,125, “Sabah” 0,750, “Neftçi” isə 0,375 ballıq töhfə verib. “Qəbələ” bu baxımdan ümumiyyətlə ümidləri doğrulda bilməyib.
Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan reytinqdə yenə 29-cu pillədə qərarlaşıb. Bir addım irəlidə olan Slovakiya 16,500 reytinq xalına malikdir. Azərbaycanı isə Moldova (12,500) izləyir.
Ötən gecə baş tutan qarşılaşmalar İrlandiya, Kosovo, Lüksemburq və Albaniyanın irəliləməsinə şərait yaradıb. Ermənistan, Qazaxıstan, Finlandiya, Litva və Estoniya isə geriləyiblər.
Reytinq cədvəlinə İngiltərə (88,928) başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (69,552) dördüncü, Fransa (52,081) isə altıncıdır. Fransızlar Niderlandı (53,600) özlərindən önə buraxıblar. Türkiyə isə 30,100 balla 10-cu sırada qərarlaşıb.
Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.


