Qadın futbolçulardan ibarət İspaniya millisi dünya çempionatının qalibi olduqdan sonra Madriddə zəfər yürüşü keçirib.
Arena.az xəbər verir ki, yığma komanda tam heyətlə Madrid küçələrindən zəfər yürüşü ilə keçərək, qazanılmış Dünya Kubokunu azarkeşlərə nümayiş etdirib.
Xatırladaq ki, turnirin finalında İspaniya millisi İngiltərə yığmasını 1:0 hesabı ilə məğlub edərək, dünya çempionu olub. Oyunda yeganə qolu müdafiəçi Olqa Karmona vurub. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib və Dünya Kuboku xanım futbolçulara təntənli surətdə təqdim edilib.
Vurğulayaq ki, İspaniya kişilər və qadınlar arasında dünya çempionu olmağı bacarmış ikinci ölkə kimi tarixə düşüb. İspaniyanın kişilərdən ibarət yığma komandası 2010-cu ildə FIFA Dünya Kubokunun qalibi olub.
Müvafiq nailiyyətə ilk dəfə Almaniya imza atıb.


