Konstantinos Mavropanos “Vest Hem”də – 20 milyon avroya

Almaniyanın “Ştutqart” klubunun və Yunanıstan yığmasının mərkəz müdafiəçisi Konstantinos Mavropanos “Vest Hem”ə keçib.

Arena.az bu barədə “Vest Hem”in mətbuat xidmətinə istinadən məlumat verir.

25 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. O, “Vest Hem”də 15 nömrə altında çıxış edəcək.

Mətbuatda “çəkicdöyənlər”in yunan müdafiəçiyə görə 20 milyon avro ödəyəcəyi barədə xəbərlər yayılıb. Daha 5 milyon avronun isə bonuslar şəklində ödəniləcəyi deyilir. Mavropanosun satışından əldə edilmiş gəlirin 10%-i yunan müdafiəçinin keçmiş klubu “Arsenal”a ödəniləcək.

Geridə qalmış 2022/2023 mövsümündə Mavropanos “Ştutqart”ın heyətində 34 oyun keçirib, 3 qol vurub, 1 məhsuldar ötürmə verib. O, Bundesliqa klubuna 2022-ci ilin iyulunda 3,2 milyon avro qarşılığında keçmişdi. Mavropanos “PAS Yannina” və “Nürnberq” kimi klubların da formasını geyinib.

Konstantinos Mavropanos 2021-ci ilin mart ayında debüt etdiyi Yunanıstan yığmasının heyətində 19 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Mavropanosu satan “Ştutqart” onun əvəzində əslən Yunanıstandan olan isveçrəli mərkəz müdafiəçisi Leonidas Stergiunu heyətinə qatıb. 21 yaşlı futbolçu İsveçrənin “Sankt Qallen” klubundan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. “Sankt Qallen”in öz yetirməsi olan Stergiu bu klubun əsas komandasında 153 oyun keçirib, 1 qol və 2 assistlə yadda qalıb.

“Vest Hem”in mərkəz yarımmüdafiəçisi Flinn Dauns isə “Sauthempton”a keçib. 24 yaşlı ingilis futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. O, daha öncə “İpsviç Taun”, “Luton Taun”, “Suonsi Siti” kimi klublarda da forma geyinib. “Vest Hem”ə ötən yay “Suonsi Siti”dən 10,65 milyon avro qarşılığında keçmiş yarımmüdafiəçi bu komandada 35 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: