Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2023) final mərhələsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, C qrupunda yer alan yığmamız bu gün Almaniyanın Düsseldorf şəhərində reallaşan beşinci görüşündə İsveç komandası ilə qarşılaşıb.
Dörd set davam edən oyunun yekununda millimiz cəmi bir setdə qələbə qazana bilib. Qarşılaşma İsveçin 3:1 (25:17, 17:25, 25:21, 25:18) hesablı qələbəsi ilə başa çatıb.
Bu gün yığmamızın yer aldığı qrupun digər matçında Yunanıstanı 3:0 hesabı ilə üstələyən Türkiyə millisi qrup birinciliyini təmin edib.
Xatırladaq ki, yığmamız ilk turda Çexiya millisi ilə qarşılaşmış və 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbəyə sevinmişdi. Lakin ikinci turda meydan sahibi Almaniya ilə görüş komandamızın 1:3 hesablı məğlubiyyəti ilə bitmişdi. Türkiyə millisi ilə oyunda da yığmamız 0:3 hesablı məğlubiyyətə üzülmüşdü. Yalnız sonuncudan əvvəlki turda Yunanıstanla görüş millimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, DÇ-də qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə – Almaniya oyunları ilə yekun vurulacaq. Azərbaycan yığmasının növbəti mərhələyə yüksəlib-yüksəlməyəcəyi sabah baş tutacaq Çexiya-İsveç qarşılaşmasından sonra bəlli olacaq. Hazırda millimizin qrupundakı durum belədir:
Türkiyə – 12
Almaniya – 7
İsveç – 6
Çexiya – 6
Azərbaycan – 5
Yunanıstan – 4
Azərbaycan yığması Avropa çempionatında bu oyunçularla mübarizə aparır:
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova;
Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko;
Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko;
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil.
Avropa çempionatı sentyabrın 3-nə qədər davam edəcək. Qitə birinciliyinə Belçika, İtaliya, Almaniya və Estoniya birgə ev sahibliyi edirlər. Azərbaycan yığması AÇ-2023-də Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparır.


