Fransa yığmasının sabiq hücumçusu Kristof Düqarri PSJ-nin italyan yarımmüdafiəçisi Marko Verrattini tənqid edib.
Arena.az bu barədə “RMC Sport”a istinadən məlumat verir:
“Düşünürəm ki, Verratti üçün hər şey bitdi. Onun 31 yaşı var. O, 11 il PSJ-də olub, əlqərəz, heç vaxt futbolçu karyerasının və həyatının nə olduğunu dərk etmədi. Yüksək səviyyəli peşəkar olmağın nə demək olduğunu. Bu, həyat seçimidir, mən yaxşı futbolçu idim, amma səfeh idim. Verratti çox yaxşı oyunçudur. Hamımız razıyıq, o, istedadı ilə parladı və çox az yarımmüdafiəçinin bacardığını necə edəcəyini bilirdi. Amma o, ən yaxşı idmançı deyil.
11 il ərzində o, hər iki ildən bir yenilənərək məşqçilərin və rəhbərlərin gözünə kül üfürməyi bacardı. Təqsir həm də Marko Verrattinin nəhəng istedadı ilə kor olmuş məşqçilər və rəhbərlərin üzərindədir”, deyə Kristof Düqarri bildirib.
Xatırladaq ki, Verratti 2012-ci ildən PSJ-də çıxış edir.
Bütün PSJ karyerası ərzində Verratti parislilərin heyətində 416 oyuna çıxıb, 11 qol vurub, 61 məhsuldar ötürmə verib.
İtalyan mərkəz yarımmüdafiəçisinin Fransa nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Verratti 2012-ci ilin avqust ayında debüt etdiyi İtaliya yığmasının heyətində 55 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı Marko Verrattini 40 milyon avro məbləğində qiymətləndirir.


