İngiltərənin “Aston Villa” klubunun hücumameyilli yarımmüdafiəçisi Aaron Remzi Premyer Liqanın digər təmsilçisi “Börnli”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçilərinin mətbuat xidmətləri məlumat yayıblar.
“Börnli” bu transfer üçün “Aston Villa”ya 16,45 milyon avro ödəyib. 20 yaşlı ingilis futbolçu yeni klubu ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb.
Aaron Remzi yetirməsi olduğu “Aston Villa”nın əsas komandasında cəmi 1 oyuna çıxıb. O, “Çeltnem Taun”, “Norviç Siti” və “Midlsbro” kimi klublarda icarədə olub, İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib.
“Börnli” Belçikanın “Anderlext” klubundan mərkəz müdafiəçisi Hannes Delkruanı da transfer edib. Premyer Liqa təmsilçisi bu transfer üçün 3 milyon avro ödəyib. Haiti əsilli belçikalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Hannes Delkrua peşəkar karyerasına məhz “Anderlext”də başlayıb. 24 yaşlı futbolçu bu komandada 65 oyuna 2 qol vurub. O, bir müddət “Valveyk”də icarədə də olub, Belçikanın əsas yığmasında 1 oyun keçirib.
“Börnli”nin hücumameyilli yarımmüdafiəçisi Skott Tvayn isə “Hall Siti”yə keçib. Sözügedən klub 24 yaşlı ingilis futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb.
Skott Tvayn 2022-ci ilin iyul ayında 2,9 milyon avro qarşılığında “MK Dons” klubundan “Börnli”yə keçmişdi. O, bu komandada 18 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Tvayn karyerası ərzində “Suindon Taun”, “Çippenhem Taun”, “Uoterford”, “Okruq Nyuport” kimi klublarda da forma geyinib.


