Laporta Feliks və Kanselonun kluba transferini “tarixi” adlandırdı

“Barselona”nın prezidenti Joan Laporta portuqal futbolçular Joao Feliks və Joao Kanselonun Kataloniya klubuna transferinə münasibət bildirib.

Arena.az “Barca Universal”a istinadən Laportanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mənə elə gəlir ki, bu, tarixi bir axşamdır. Bizdə çox yüksək səviyyədə rəqabət aparmağa qadir komanda toplaşıb. Əminəm ki, Xavi transferlərdən məmnun qalacaq.

Təbii ki, adlı-sanlı futbolçularla müqavilə bağlamalıydıq. Biz həyata keçirdiyimiz sövdələşmələrdən çox qürur duyuruq. Klubumuzda zəhməti nəticə verən peşəkarlar çalışır”, deyə Laporta məmnunluğunu ifadə edib.

Xatırladaq ki, sentyabrın 1-də “Barselona” “Mançester Siti”nin portuqal müdafiəçisi Joao Kanselonu və Madrid “Atletiko”sunun hücumçusu Joao Feliksi icarəyə götürüb. Portuqal futbolçular 2023/2024 mövsümünün sonuna qədər “Barselona”nın xidmətində olacaqlar.

Joao Feliks 2022/2023 mövsümünün ikinci yarısını “Çelsi”də icarə əsasında çıxış edib. Feliks “zadəganlar”ın heyətində 20 oyuna çıxıb və 4 qol vurub. Ancaq mövsümün bitməsi ilə “Çelsi” Feliksin xidmətində daha maraqlı olmadığını bəyan edib və portuqal hücumçu “Atletiko”nun düşərgəsinə qayıdıb.

Joao Kanselo da ötən mövsümü icarədə keçirib, “Bayern” üçün tər töküb. Kanselo Münhen təmsilçisinin heyətində 21 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb, Almaniya çempionu olub.

“Transfermarkt” internet-portalı hər iki portuqal futbolçunu 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: