Belçika yığmasının portuqaləsilli sol cinah vingeri Yannik Karrasko Madrid “Atletiko”sundan “Əl-Şabab”a keçib.
Arena.az bu barədə “Əl-Şabab”ın rəsmi sosial şəbəkə hesablarına istinadən məlumat verir.
Belçikalı futbolçu Ərəbistan klubu ilə 3 illik müqavilə imzalayıb və 2027-ci ilin iyun ayının sonuna qədər ərəblərin xidmətində olacaq. Transferin ərəblərə 15 milyon avroya başa gəldiyi qeyd edilir. Bu, futbolçunun təxmin edilən bazar qiymətindən ucuzdur.
Geridə qalmış 2022/2023 mövsümündə Karrasko “döşəkçilər”in heyətində 44 oyuna çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə verib. Karrasko cari mövsümdə də “Atletiko”nun heyətində 3 oyuna çıxmağa macal tapıb və 1 məhsuldar ötürmə ilə fərqələnib. Ümumilikdə Karraskonun “Atletiko”da çıxışının statistikası belədir: 266 oyun, 47 qol, 45 məhsuldar ötürmə.
Karrasko “Atletiko” ilə İspaniya La Liqasını (2020/2021) və Avropa Liqasını (2017/2018) qazanıb. Bu iki kubok Karraskonun futbolçu karyerasında yeganə qənimətlərdir. Belçikalı müdafiəçi “Atletiko”ya qədər “Monako” və Çinin “Dalyan Profeyşnl” klublarında çıxış edib.
Yannik Karrasko 2015-ci ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 66 oyun keçirib, 9 qol vurub, 15 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı Yannik Ferreyra Karraskonu 25 milyon avro məbləğində qiymətləndirir.


