Futbol üzrə İtaliya yığmasının əslən Braziliyadan olan mərkəz müdafiəçisi Luis Felipe İspaniyanın “Betis” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, La Liqa klubu onu Səudiyyə Ərəbistanı “Əl-İttihad”ına satıb.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
İspaniya klubu bu satışdan 25 milyon avro qazanıb. 26 yaşlı futbolçunun “Əl-İttihad”la 3 illik müqavilə imzaladığı bildirilir.
Xatırladaq ki, Luis Felipe “Betis”ə ötən ilin iyul ayında “Latsio”dan azad agent kimi qoşulmuşdu. O, La Liqa təmsilçisində 34 oyun keçirib. Karyerasının böyük hissəsini “Latsio”da keçirmiş müdafiəçi İtaliyada “Salernitana”nın da uğurları üçün çalışıb.
Felipe daha öncə Braziliyanın gənclərdən ibarət yığmalarında oynasa da, 2022-ci ildən İtaliya millisinə dəvət alır. Amma o, İtaliya yığmasında cəmi 1 rəsmi matç keçirib.
Xatırladaq ki, “Əl-İttihad” bu yay Nqolo Kante, Fabinyo, Kərim Benzema, Jota kimi ulduz futbolçuları da heyətinə qatmışdı.


