PSJ Verratti və Ekitikeni Çempionlar Liqasında oynatmayacaq

PSJ UEFA-ya Çempionlar Liqasının 2023/2024 mövsümündə iştirak etmək üçün qeydiyyatdan keçmiş futbolçuların siyahısını təqdim edib.

Arena.az xəbər verir ki, Fransa nəhəngi fransalı mərkəz hücumçusu Huqo Ekitikeni və italyan mərkəz yarımmüdafiəçisi Marko Verrattini müvafiq siyahıya daxil etməyib.

Hazırda hər iki futbolçu hələ də komandanın heyətində yer alıb, amma Luis Enrikenin rəhbərlik etdiyi məşqçilər qərargahı artıq onlarla hesablaşmır. Marko Verratti 11 il Paris klubunda oynadıqdan sonra Qətərin “Əl-Ərəbi” klubuna keçmək ərəfəsindədir. “Reyms”in keçmiş oyunçusu Ekitike isə mövqeyində artan rəqabətin qurbanı kimi görünür. Klubun yeni yay transferləri – Qonsalo Ramosun və Randal Kolo Muaninin, üstəlik “saxta doqquzluq” mövqeyində oynaya bilən Marko Asensionun gəlişindən sonra, Huqonun heyətdə yeri laxlayıb. Bundan əlavə, PSJ Ekitikenin transfer pəncərəsi bağlanmamış klubu tərk edəcəyinə əmin idi. Pəncərənin son saatlarında hücumçunun təmsilçiləri hələ də “Kristal Pelas”, Frankfurt “Ayntraxt”ı və “Vest Hem”lə danışıqlar aparırdılar. Göründüyü kimi, bu danışıqlar səmərə verməyib.

Fransa nəhənginin heyətində kostarikalı qapıçı Keylor Navas və mərkəz müdafiəçi Presnel Kimpembe də yer alıb. Uzun müddətdir zədədən əziyyət çəkən Kimpembenin Çempionlar Liqasının qrup mərhələsi başa çatmamış meydana qayıtması təxmin edilir.

UEFA qaydalarına əsasən, turnirin qrup mərhələsində iştirak üçün komanda, heyətinə ən çoxu 25 futbolçu daxil edə bilər. Pley-off mərhələsi başlamazdan əvvəl, klubların ümumi sayı 25-dən çox olmamaq şərti ilə siyahıya üçə qədər yeni oyunçu əlavə etmək imkanı var.

Xəbəri sosial şəbəkələrdə paylaş: