Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev təxminən 7 ildir formasını geyindiyi “Qarabağ”dan ayrılıb.
Arena.az xəbər verir ki, Ağdam klubu bununla bağlı videoçarx hazırlayıb.
Sosial şəbəkədə paylaşılan videoda 29 yaşlı qapıçının görüntüləri, “Qarabağ”ın heyətindəki qurtarışlar təqdim olunub. Azərbaycan çempionunun paylaşımında “Təşəkkürlər, Şah!” yazılıb.
Onun Türkiyənin “Adana Dəmirspor” klubuna transfer olunduğu yazılıb:
“Şahrudin Türkiyənin “Adana Dəmirspor” klubuna transfer olub. 2016-cı ildən komandamızda çıxış edən Məhəmmədəliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!”
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ilin yanvar ayından “Qarabağ”ın formasını geyinirdi. Təcrübəli qolkiper Ağdam təmsilçisinin heyətində bütövlükdə 131 oyuna çıxıb, 92 qol buraxıb. Onun hesabında 66 “quru” matç da var. Onun bu klubla 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. Lakin son illərdə onun buraxdığı kobud səhvlər azarkeşlər arasında ciddi narazılıqlara səbəb olmuşdu. Bu üzdən komandanın baş məşqçisi Qurban Qurbanov da ciddi tənqid olunurdu. Bu yay nəhayət, Rusiya yığmasının qapıçısı Andrey Lunyovu transfer edən Ağdam klubu Məhəmmədəliyevlə vidalaşmağa qərar verib. Onun Türkiyə klubuna azad agent kimi buraxıldığı bildirilir.
“Şah” daha öncə “Sumqayıt”da da oynayıb – 34 oyun, 50 buraxılan qol və 7 “quru” matç. O, Azərbaycan milli komandasında da 20 oyun keçirib.
“Adana Dəmirspor” hələlik Şahruddinin transferini açıqlamayıb. Super Liqa klubunun tezliklə bu transferlə bağlı rəsmi açıqlama yayması gözlənilir. Millimizin qapıçısının yeni klubu ilə 2 illik müqaviləyə imza atdığı bildirilir.


