Pol Poqbanın dopint-testi müsbət çıxdı – “Yuventus” şokda!

“Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqbanın İtaliya A Seriyasının 1-ci tur oyunundan sonra keçdiyi dopinq-test müsbət nəticə verib.

Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.

İtaliya çempionatının 2023/2024 mövsümünün 1-ci turunda “Yuventus” səfərdə “Udineze” ilə qarşılaşıb. Oyun “qoca sinyora”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Poqba meydana daxil olmayıb və bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

Testin nəticəsi Poqbanın qanında testosteron səviyyəsinin hədindən artıq yüksək olduğunu müəyyən edib. Bu, terapevtik maddə istisnasız qəbul edilməməlidir. Beləliklə, hazırda Poqba maksimum dörd il diskvalifikasiya cəzası almaq təhlükəsi ilə üz-üzədir. Futbolçu və klubu hələlik heç bir açıqlama verməyib.

“Yuventus” 3 turdan sonra 7 xalla A Seriyasının turnir cədvəlində 3-cü yerdə qərarlaşıb və hərəyə 9 xal toplamış “İnter” və “Milan”ı təqib edir.

Xatırladaq ki, Poqba geridə qalmış mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində iki oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Pol Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib. O, bu oyunlarda 11 qol vurub, 9 məhsuldar ötürmə verib və “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Pol Poqbanı 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: