Andorra yığmasının 43 yaşlı əndəlusəsilli mərkəz müdafiəçisi İldefons Lima Sola yığmanın heyətində çıxışını başa vurub.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu barədə “Twitter” hesabında məlumat yayıb.
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçrə yığması ilə oyun (0:3) Limanın Andorra yığmasının heyətində sonuncu oyunu olub. “Qoca” start heyətində meydana çıxıb və 23-cü dəqiqədə əvəzlənib.
“FIFA prezidenti Canni İnfantino səni karyeranı bitirməyin münasibətilə təbrik edəndə, bu, oyunu üstələdiyin deməkdir”, deyə futbolçu “Twitter” hesabında İnfantinonun “Instagram” hesabından ekran çəkimini əlavə edib.
İldefons Lima Andorra yığmasında 1997-ci ilin iyun ayında debüt edib. “Qoca” yığmanın heyətində 137 oyun keçirib, 11 qol vurub və hər iki göstəriciyə görə Andorra yığmasının rekordçusudur.
Yeri gəlmişkən, Limanın yığmadakı komanda yoldaşı, yarımmüdafiəçi Marsio Vyeyra yaxınlarda Limanın yığmada oyun sayına görə rekordunu ötə bilər. 38 yaşlı Vyeyra yığmada 123 oyun keçirib və hələ karyerasını bitirmək fikrində deyil.
Vurğulayaq ki, Andorra yığması “uzunömürlü” futbolçuları ilə diqqət çəkir. Belə ki, cırtdan dövlət peşəkar oyunçularının azlığı səbəbilə, təcrübəli yaşlı futbolçularının xidmətindən illərlə istifadə etməyə davam edir.


