“Real”ın uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverde İngiltərə klublarından birinə keçməsi ilə bağlı şayiələrə münasibət bildirib.
Arena.az “Mundo Deportivo”ya istinadən Valverdenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Premyer Liqadan təkliflər? “Real”da oynamaq imkanım var. Bu, dəyişdiyi gün, yəqin ki, başqa bir həll axtaracağam – ya da “Real” özü bunu mənim üçün tapacaq”, deyə Valverde “Kral klubu”nda oynamağı daha üstün tutduğunu ifadə edib.
Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. Uruqvaylı yarımmüdafiəçinin bu klubla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Valverde karyerasına “Penyarol”da başlayıb, 2015/2016 mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017 mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018 mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb.
Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub. Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 209 oyun, 19 qol, 15 məhsuldar ötürmə.
Valverde “Kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2018, 2023) qalibi olub.
Valverde hazırda kapitanı olduğu, 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 51 oyun keçirib, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı Federiko Valverdeni 100 milyon avro məbləğində qiymətləndirir.


