“Tottenhem”in xorvat sol cinah vingeri İvan Perişiç məşq zamanı zədələnərək mövsümün sonuna qədər sıradan çıxıb.
Arena.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu sağ dizinin ön çarpaz bağlarının mürəkkəb zədəsi ilə üzləşib.
O, təmassız məşq zamanı zədələnib. Perişiçi əməliyyat gözləyir, ardınca isə İvan “Tottenhem”in tibbi heyətinin nəzarətində bərpaya başlayacaq. Müayinənin nəticələri, əməliyyat və müəyyən edilmiş bərpa kursuna görə Perişiç üçün cari mövsümün bitdiyi təxmin edilir.
İvan Perişiç “Tottenhem”ə 2022-ci ilin iyulunda qoşulub. Onun bu klubla 2023-cü ilin yayına qədər müqaviləsi var. Cari mövsümdə 6 oyuna çıxıb, 2 məhsuldar ötürmə vermiş Perişiç “Tottenhem”də bütövlükdə 50 oyuna 1 qol vurub, 14 assist edib.
Perişiç karyerasının yeniyetməlik və erkən gənclik illərini Xorvatiyanın “Dalmatinats” və “Hayduk” (Split) klublarında keçirib. Buradan Fransa “Soşo”suna keçmiş İvan, ardınca Belçikanın “Ruselare” klubuna icarəyə verilib. Oyunu ilə “Brügge”nin diqqətini çəkmiş futbolçunu “qara-mavilər” heyətinə qatıblar. Daha sonra Dortmund “Borussiya”sı, ardınca isə “Volfsburq” Perişiçin xidmətindən istifadə ediblər. 2015-ci ildə isə Perişiç “İnter”ə keçib və 2022-ci ilə qədər İtaliya nəhənginin heyətində oynayıb. Bu müddətdə “İnter” Perişiçi “Bayern”ə icarəyə göndərib. Buradan isə İvan İngiltərəyə keçib.
Perişiç “Borussiya” ilə Bundesliqanın (2011/2012) və Almaniya Kubokunun (2011/2012), “Volfsburq”la Almaniya Kubokunun (2014/2015) və Almaniya Super Kubokunun (2015), “Bayern”lə Bundesliqanın (2019/2020), Almaniya Kubokunun (2019/2020) və Çempionlar Liqasının (2019/2020), “İnter”lə A Seriyasının (2020/2021), İtaliya Kubokunun (2021/2022), İtaliya Super Kubokunun (2021) qalibi olub.
Perişiç 2011-ci ildə debüt etdiyi Xorvatiya yığmasında 129 oyun keçirib, 33 qol vurub, 30 məhsuldar ötürmə verib. Oyun sayına görə Perişiç yığmada 3-cü, qol sayına görə isə 2-ci nəticəyə sahibdir. Yalnız Luka Modriç (168 oyun) və Dario Srna (134 oyun) yığmada Perişiçdən çox oyun keçiriblər. Qollara gəlincə, yığmada Mario Mandjukiçlə eyni sayda qol vurmuş İvan bu göstəricidə yalnız əfsanəvi Davor Şukerdən (45 qol) geri qalır.
Perişiç Xorvatiya yığması ilə DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc medal qazanıb, həmçinin 2022/2023 mövsümü UEFA Millətlər Liqasının finalçısı olub.


