“Brayton”un ingilis mərkəz yarımmüdafiəçisi Ceyms Milner İngiltərə futbol tarixində özünəməxsus ilkə imza atmaqla gündəmə gəlib.
Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, Milner beş müxtəlif Premyer Liqa komandasının heyətində avrokuboklarda çıxış etmiş ilk ingilis futbolçu kimi tarixə düşüb.
37 yaşlı veteran yarımmüdafiəçi bu nailiyyətinə sentyabrın 22-də Yunanıstan AEK-i ilə keçirilmiş Avropa Liqası oyununda “Brayton”un heyətində meydana çıxmaqla nail olub. “Brayton” doğma meydanda keçirdiyi bu oyunda gözlənilmədən məğlub olub – 2:3.
Xatırladaq ki, Milner əvvəllər avrokuboklarda iştirak edib – “Nyukasl”, “Aston Villa”, “Mançester Siti” və “Liverpul”un heyətində oynayıb.
Milner “Brayton”a cari ilin yay transfer pəncərəsi zamanı, iyul ayında azad agent statusunda keçib. Ceyms “qağayılar”la müddəti 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Yenicə başlamış cari mövsümdə Milner “Brayton”un heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 6 oyun keçirib.
Milner futbolçu karyerası ərzində 12 qənimət qazanıb. Ceyms 3 dəfə İngiltərə Premyer Liqasının, hərəsi 2 dəfə olmaqla İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun, İngiltərə Super Kubokunun və Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Milner 2009-cu ilin avqustunda debüt etdiyi İngiltərə yığmasının heyətində 61 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 37 yaşlı Ceyms Milneri 1,50 milyon avro məbləğində qiymətləndirir.


