Lionel Messi ilə PSJ arasında “söz davası” davam edir

PSJ-nin sabiq futbolçusu, argentinalı hücumçu Lionel Messi ilə keçmiş klubu arasında ulduzun ad-sanına yaraşmayan “söz davası” davam edir.

Arena.az məlumat verir ki, bir neçə gün öncə “Ole” dərgisinə müsahibəsində Messi “köhnə palan içi eşmək” kimi qiymətləndirilə biləcək fikirlər səsləndirib və bu sözlər heç də PSJ haqqında xoş mənzərə yaratmır:

“PSJ-yə keçid? Keçmişi dəyişmək olmaz. Həqiqət budur ki, hər şey gözlədiyim kimi getmədi, amma mən həmişə, həyatda hər şeyin sadəcə elə-belə baş vermədiyini deyirəm. Klubda mənim işlərim heç də həmişə yaxşı getməyib, eyni zamanda PSJ-nin oyunçusu kimi dünya çempionu oldum. Hər şeyin öz səbəbləri və nəticələri var. Deməli, belə də olmalı idi.

Kilian Mbappe? Həqiqət budur ki, bütün digər oyunçular kimi, mən də bu oğlanı həmişə bəyənmişəm. Yaxşı anlaşırdıq. Sonradan məlum səbəblərdən nəsə dəyişdi: biz həmin finalda rəqib olduq, Argentina qalib gəldi, odur ki, biz fransızların yenidən dünya çempionu ola bilməmələrinin “günahkarı” olduq. Nəticədə mən, klubda təbrik edilməyən yeganə dünya çempionu oldum”, deyə Messi incikliyini ifadə edib.

Argentinalı ulduzun bu sözlərinə PSJ-nin münasibəti özünü çox gözlətməyib. Fransa nəgənginin prezidenti Nasser Əl-Xelaifinin məhz özü Messinin cavabını verib:

“Biz Messini məşqdə də, şəxsən də təbrik etmişik. Amma PSJ Fransa klubudur, ona görə də stadionda şərəfləndirmə keçirilməyib. Biz ölkəmizə və Fransa yığmasında çıxış etmiş digər futbolçulara, eləcə də azarkeşlərimizə hörmət edirik. Amma o, inanılmaz oyunçudur və biz, o, burada oynayanda qürur duyurduq”, deyə Xelaifi həqiqətin mənzərəsini açıqlayıb.

Xatırladaq ki, Lionel Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Parislilərin heyətində argentinalı ulduz hücumçu 2 dəfə Fransa çempionatını (2021/2022, 2022/2023) və Fransa Super Kubokunu (2022) qazanıb. Messi Fransa nəhənginin heyətində Neymar və Mbappe kimi ulduzlarla birlikdə çıxış etdiyi müddətdə, PSJ-nin Çempionlar Liqasını qazanmaq yolunda cəhdləri uğursuzluğa düşar olub.

Cari ilin yay transfer pəncərəsində isə Messi PSJ-dən azad agent qismində ayrılaraq, MLS təmsilçisi “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvdə olacaq müqavilə imzalayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: