Yüksək Liqa: Gümüş və bürünc medalçıların yeni hədəfləri

Sabah – sentyabrın 26-da futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünə start veriləcək.

Arena.az xəbər verir ki, mövsümün açılış matçında ötən çempionatın gümüş və bürünc medalçıları – “Neftçi” İK və “Baku Fire” qarşılaşacaqlar.

Bəs komandalar yeni mövsümə hazırdırmı? “Neftçi”nin baş məşqçisi Hacıbala Abdullazadə yeni mövsümün ilk oyununa hazırlıq, eləcə də komandadakı durumla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Demək olar, ötənilki heyətimizi qorumuşuq. Gənclərin hesabına heyətimizi bir qədər də genişləndirdik. 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisində çıxış etmiş, hazırda isə yaşla əlaqədar bu komandada oynamayan oyunçulara şans verəcəyik. Əlbəttə, istəyimiz həm də milli komanda üçün yeni futzalçı nəsli yetişdirməkdir. Bir iranlı legionerimiz də var. Təəssüf ki, 2 gün əvvəl məşq prosesində zədələndi. Ondan başqa, millinin üzvü Amir Şojaei də komandamızdadır. İş gedir. Sabah bizi gərgin matç gözləyir. Ötən mövsüm çempionatda biz onları qabaqlamışdıqsa, kubokun finalında “Baku Fire” güclü oldu. Məqsədimiz yeni mövsümü mükafatçılar sırasında başa vurmaqdır”.

“Baku Fire”in baş məşqçi Teymur Eyvazov isə mövsümün startı ilə bağlı bunları dilə gətirib:

“Komanda çempionatın ilk oyununa hazırdır. Oyunöncəsi son məşqimizi də keçirdik. Heyətimizdə dəyişikliklər olub. Ötən mövsüm legionerlərimiz var idi, yeni çempionatda isə sırf yerlilərlə çıxış edəcəyik. Əcnəbiləri yola saldıq, əvəzində 3 yerli oyunçu dəvət etdik. Komandaya qoşulan oyunçuların hər birinə böyük inamımız var. Onlar da kollektivə tez uyğunlaşdılar. Əlbəttə, “Neftçi” ilə oyun bizim üçün asan keçməyəcək. Çünki rəqibimiz bu çempionatın iddialılarındandır. Heyətlərində güclü yerli və əcnəbi oyunçular var. Diqqətli olmalıyıq”.

Xatırladaq ki, bu mövsüm Yüksək Liqa 6 komandanın iştirakı ilə keçiriləcək. “Neftçi” İK və “Baku Fire” ilə yanaşı, “Araz Naxçıvan”, “Record”, U-19 və “Yasamal Bakı” da medallar uğrunda mübarizə aparacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: