Fransa çempionu PSJ-nin bir dəstə futbolçusu azarkeşlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə müvafiq surətdə cəzalana bilər.
Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Fransa Liqa 1-nin 6-cı turu çərçivəsində PSJ-nin Parisdə Marsel “Olimpik”ini böyük hesabla məğlub etdiyi oyundan (4:0) sonra bir dəstə parisli futbolçu tribunalara yaxınlaşaraq, “Marsellilər, sizin analarınızı …”, deyə dəfələrlə qışqırmağa başlayıb. Tezliklə hadisə haqda xəbər Fransa futbolunun əlaqədar ünvanlarına yetişib və məsul məmurlar artıq, hadisə ilə bağlı təhqaqata başlayıblar.
“Anasöyənlər dəstəsi”nə Randal Kolo Muani, Əşrəf Hakimi, Usman Dembele və Layvin Kurzava daxildir. “Qəhrəmanlar” hadisə ictimailəşdikdən sonra başlarını kola soxublar. Xoşagəlməz hadisə haqda xüsusi tədbir görüləcəyi təxmin edilir. Söhbət nəinki futbolçuların pul və oyun cəzasından, hətta PSJ-nin cəzalanmasından gedir.
Hazırda PSJ 11 xalla Liqa 1-in turnir cədvəlinin 3-cü pilləsində yer alıb. Parisliləri “Nitsa” (12 xal) və “Brest” (13 xal) qabaqlayır.


