Antoni polisə ifadə vermək üçün İngiltərəyə qayıdır

“Mançester Yunayted”in braziliyalı vingeri Antoni bir neçə qadına qarşı zorakılıq ittihamı ilə bağlı, polisə ifadə verəcək.

Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, 23 yaşlı futbolçu bu məqsədlə tezliklə İngiltərəyə qayıdacaq.

O, San-Paulunun hava limanında İspaniyaya uçan təyyarəni gözləyərkən görünüb. Buradan Antoninin Mançesterə uçacağı və yaxın günlərdə ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün polislə görüşəcəyi gözlənilir.

Antoniyə yaxın mənbə vurğulayıb ki, futbolçu öz günahsızlığına arxayındır. Bu səbəbdən də o, polisin bütün suallarını açıqca cavablandırmağa hazırdır. Braziliyalı futbolçunun hüquq-mühafizə orqanlarına bütün lazımi məlumatı, o cümlədən mobil telefonunu belə, təqdim etməyə etirazı yoxdur. Antoni tez bir zamanda bəraət alacağına və heç nədən yayınmadan futbolçu karyerasını davam etdirə biləcəyinə ümidvardır.

Xatırladaq ki, daha əvvəl, futbolçunun keçmiş sevgilisi Qabriela Kavallin “qırmızı şeytanlar”ın futbolçusunun məişət zorakılığı ilə bağlı əməllərindən danışaraq, onu müvafiq məsələdə ittiham etmişdi. Sonradan məlum olub ki, Antoniyə qarşı yeni ittihamlar irəli sürülüb. Britaniya mətbuatının məlumatına görə, daha iki qadın futbolçunu hücumda ittiham edib. Antoni ittihamları təkzib edərək, özünü qurban olduğu və həqiqəti sübut edəcəyini bildirib və qadınlardan biri ilə yazışmaları dərc etdirərək, məsələnin məhkəmə ilə həll ediləcəyini bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: