PSJ-nin italyan qapıçısı Canluici Donnarumma Çempionlar Liqasını, Dünya Kubokunu və “Qızıl Top”u qazanmaq niyyətində olduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, İtaliya yığmasının da üzvü olan qolkiper “Calciomercato” dərgisinə müsahibəsində bunları söyləyib:
“Mən həm klub, həm də yığma komanda ilə mümkün qədər çox qazanmaq istəyirəm. Mənim arzum – UEFA Çempionlar Liqasını qazanmaq və İtaliya ilə dünya çempionu olmaqdır. Ümid edirəm ki, bir gün bunu gerçəkləşdirə biləcəyəm. Mən bütün gücümlə çalışacağam. Bu, mənim karyeramın zirvəsi olardı.
Mən artıq Yaşin qənimətini qazanmışam, bu isə asan deyildi. Ancaq xəyal etmək həmişə xoşdur. Bütün səylərimi ortaya qoyacağam və kim bilir, tale səylərimə görə məni necə mükafatlandıracaq”, deyə Donnarumma arzularını dilə gətirib.
Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 7 oyuna çıxıb, 6 qol “yeyib”, 3 oyundan “quru” qurtulub. Canluicinin PSJ-də ümumi statistikası isə belədir: 79 oyun, 81 buraxılmış qol, 26 “quru” oyun.
Futbol uğurlarına gəlincə, Donnrumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023), Fransa Super Kubokunun (2022/2023) qalibi olub.
Donnarumma 2016-cı ilin sentyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 56 oyun keçirib, 43 qol yeyib, 25 oyunda qapısının toxunulmazlığını təmin edib. Canluici “skuadra adzrra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı Donnarummanı 45 milyon avro məbləğində qiymətləndirir.


