“Molde” “Vikinq”ə böyük hesabla qalib gəldi

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Molde” Norveç çempionatında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda 20-ci tur çərçivəsində doğma meydanda “Vikinq”lə üz-üzə gəlib.

“Qarabağ”ın rəqibi bu oyunda darmadağına sevinib – 4:0. Bu komandanın heyətində kapitan Maqnus Eykrem dubla (10, 63-cü dəqiqələr) imza atıb. Digər qolları Kristian Eriksen (21) və Kristofer Hauqen (59) vurublar.

“Molde” bu mövsüm keçirdiyi 23 oyunda 44 xal qazanıb və 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ilk matçını məhz Norveç klubuna qarşı keçirib və Bakıdakı oyunda 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı ikinci matç noyabrın 30-da Norveçdə baş tutacaq.

“Qarabağ”ın yer aldığı H qrupunda “Hakken” (İsveç) və “Bayer” (Almaniya) də var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: