Rafael Varan: “Mançester Yunayted” ÇL-i qazanmağa qadirdir”

“Mançester Yunayted”in fransız mərkəz müdafiəçisi Rafael Varan “qırmızı şeytanlar”ın bu mövsüm Çempionlar Liqasını qazana biləcəyinə inanır.

Arena.az “The Athletic”ə istinadən Varanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bəli, mən belə düşünürəm. Bizim keyfiyyətli heyətimiz var. Bu yarışda hər bir təfərrüata diqqət yetirmək gərəkdir. Bizə nələrisə yaxşılaşdırmaq lazımdır, gözlədiyimiz kimi başlamadıq, amma biz dünyanın ən yaxşı komandaları ilə rəqabət aparmağa qadirik”, deyə Rafael Varan iddialı danışıb.

Xatırladaq ki, “Mançester Yunayted” Çempionlar Liqasının cari mövsümünə səfərdə “Bayern”ə 3:4 hesablı məğlubiyyətlə başlayıb. Oyunu təhlil etmiş mütəxəssislərin fikrincə, hesab aldadıcıdır, belə ki, “Bayern” rəqibindən birbaş daha üstün futbol sərgiləyib. İngiltərə nəhənginin Çempionlar Liqasındakı digər rəqibləri “Qalatasaray” və “Kopenhagen”dir.

Oyun keyfiyyətsizliyi “Mançester Yunayted”in İngiltərə Premyer Liqasında çıxışında da əksini tapıb. “Qırmızı şeytanlar” tarixi ərzində ən biabırçı mövsümə başlayıblar. 7 turdan sonra “Mançester Yunayted” 3 oyunda qələbə qazansa da, 4 oyunda məğlub olub və 9 xalla 10-cu pillədə qərarlaşıb, top fərqi isə 7:11 nisbətindədir. “Old Trafford”dan xal aparmaq ortabab rəqiblər üçün adi hala çevrilib. Cari mövsümdə “Brayton” və “Kristal Pelas” “qırmızı şeytanlar”ı evdə müvafiq olaraq 3:1 və 1:0 hesabı ilə peşman edə biliblər.

Bu uğursuzluqa mənzərəsində azarkeşlər klubun amerikan sahiblərinin tezliklə rədd olmasını arzulayırlar. Komandanın holland baş məşqçisi Erik ten Haqa isə mətbuatda tənqidi münasibət hələ dözüləsi həddə olsa da, uğursuzluqların davam edəcəyi halda holland mütəxəssisin başının çox ağrıyacağı istisna edilmir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: